Kerkük'ten Azerbaycan'a

Dr. Şəmsəddin Kuzəçi Yaradıcılığına Bir Baxış

PROFESSOR QƏZƏNFƏR PAŞAYEV

Yaradan Şəmsəddin Kuzəçiyə tükənməyən enerji bəxş etmişdir. Xoşbəxlikdən o, bu
enerjini bütövlükdə İraq türkman ədəbiyyatına və ədəbi əlaqələrə həsr etmişdir.
İnanılası deyil, hələ 60 yaşı tamam olmayan Şəmsəddinin 60-dan artıq kitabı çıxıb.
Rəsmi dövlət dili ərəb dili olan bir ölkədə Dr.Şəmsəddin Küzəçinin bütün çağdaş şairləri,
hətta yaradıcılığı zəif olan şairləri “Kərkük şairləri” kitabına daxil etməsi doğma dilin
unudulmaması, qorunması, təbliği və yayılması kimi müqəddəs bir işə xidmət edir. Bu,
Dr.Şəmsəddin Kuzəçinin tarixi xidmətidir ki, bunu hamı dərk etməlidir. Gələcəkdə tədqiqatçılar
ən mötəbər mənbə kimi ustadımız Əta Tərzibaşı və Şəmsəddinin əsərlərinə istinad edəcəklər.
“İraq Türkman şairləri” poeziya antologoyaları ayrı-ayrılıqda Əta Tərzibaşı və
Dr.Şəmsəddin Küzəçi tərəfindan hazırlanıb çap olunmuşdur. Əta Tərzibaşı 4 cildlik Kərkük
şairləri antologoyasında yalnız dünyasını dəyişmiş şairlərdən bəhs etmişdir. Təəssüf hissi ilə
qeyd etməliyəm ki, Əta Tərzibaşı “Ərbil şairləri” kitabında isə günümüzdə yazıb-yaradan Ərbilli
şairlərdən ətraflı söz açdığı halda, nədənsə Kərkük, Tuz Xurmatu, Təzə Xurmatu, Kifri, Teləfər,
Xanagin, Bağdad və s. kimi şəhər və qəsəbələrdə yaşayan, yazıb-yaradan heç bir çağdaş şairdən
bəhs etməmişdir. Halbuki onların bir çoxu adlı-sanlı qələm sahibləridir. O şairlərin tədqiqatdan
kənarda qalması İraq Türkman poeziyasının ümumi mənzərəsi barədə tam təsəvvür yaratmağa
imkan vermir.


Dr.Şəmsəddin Küzəçinin hər cildi altı yüz səhifədən artıq olan, 1-ci cildi Əta Tərzibaşıya,
2-ci cildi bu sətirlərin müəllifinə ithaf edilən “Kərkük şairləri” (İraq Türkman şairləri) kitabında
isə mühacirətdə yaşayan şairlər daxil, bütün çağdaş İraq Türkman şairləri tədqiqata cəlb
edilmişdir.
“İraq Türkman şairleri” antologiyası Şəmsəddin Kuzəçinin indiyə qədər 60-dan artıq işıq
üzü görən kitaplarından örnəklərdir.
Şəmsəddin Küzəçinin İraq, Türkiyə və Azərbaycanda çap etdirdiyi kitablarının bəzisinin
adını çəkməklə kifayətlənirik: “Şəhid şair Kamal Ömər” (Kərkük, 1992), “Tək günahım türk
olmaqdır” (Ankara, 2000), “Türkməneli ədəbiyyatı” (Ankara, 2005), “Xoyratlarım” (Bakı,
2005), “İraq mətbuat tarixi” (Ankara, 2009; Bakı, 2019), “Teləfər şairləri” (2010), “Solmayan
papatyalar” (Ankara, 2010), “Kərkükün möhtəşəm səsi Əbdülvahid Küzəçi” (Kərkük, Ankara,
2012), “Kərkük şairləri. İngiliscə” (Ankara, 2014), “Novruz çiçəkləri. Türk dünyası kadın
şairləri” (Ankara, 2015), “Sarmaşıq duyğular” (Ankara, 2017), “Kərkükün milli şairi Məhəmməd
İzzət Xəttat” (Ankara, 2017; Kərkük, 2018), “Azerbaycan Maqalelerim” (Ankara, 2023),
“Azerbaycan Sevdalısı” (Ankara, 2023), “Şairler Vicdanında Doğramacı” (Ankara, 2023),“Resul
Rzanın uzaq ellerin yaxın töhfeleri” (Ankara, 2023), “Kerkük Şairleri-Azerbaycan Türkçesi”
(Ankara , 2023) və s.


Dr.Şəmsəddin Küzəçinin ədəbi əlaqələr istiqamətində xidmətləri böyükdür. Çəkinmədən
deyə bilərik ki, o, İraq Türkman–Azərbaycan ədəbi əlaqələrində əsas simalardan biridir. Bu
sətirlərin müəllifinin 2016-cı ildə Bakıda çap olunan “Əta Tərzibaşının folklorşünaslıq
fəaliyyəti” monoqrafiyası 2017-ci ildə Dr.Şəmsəddin Kuzəçinin sədri olduğu Kərkük Kültür
Dərnəyi tərəfindən Ankarada çap etdilmişdir. Eləcə də Dr.Mustafa Ziya və Dr.Şəmsəddin Kuzəçi
“Kərkük sevdalısı Qəzənfər Paşayev” (Kərkük, 2017, 152 səh.; yenidən işlənmiş nəşri, Ankara,
2019, 212 səh.) kitabını yazıblar.
Dr.Şəmsəddin Kuzəçi filologiya üzrə elmlər doktoru Gülxani Pənahın bu sətirlərin
müəllifinə həsr etdiyi “Şəxsiyyətlə yaradıcılığın vəhdəti” (Bakı, 2018) monoqrafiyasına müsbət
rəy yazıb və rəyi “Qəzənfər Paşayevi anlamaq” adı ilə nəşr olunan monoqrafiyada çap edilib.
Bütün bunlar uğurlu addımlardır. Lakin bizim fikrimizcə, tədqiqatçı Dr. Şəmsəddin Kuzəçinin
ikicildlik Türkiyə türkçəsində hazırlanan “Kərkük şairləri”ndə (İraq Türkman şairləri) yer alan
170 şair ve elinizdeki bu kitapda dərc olunan yüzə yaxın Türkman şairinin həyat və
yaradıcılığından bəhs etməsi əvəzsiz xidmət kimi qiymətlidir.
Azərbaycanlı oxucular bu kitapta İraq Türkman şairlərindən Salah Növrəs, Nəsrin Ərbil,
Əbdüllətif Bəndəroğlu, Fələkoğlu, Əbdüləziz Səmin Bayatlı, Əli Yağmuroğlu, Fövzü Əkrəm,
Farük Köprülü, Hanı Sahib, Kamal Bayatlı, Məhəmməd Ömər Qazançı, Mustafa Ziya,
Münəvvər Molla Hassun, Nüsrət Mərdan, Qara Vahab, Qədriyyə Ziya, Rza Çolaqoğlu, Səttar
Köprülü, Şəhid şair Kamal Ömər, Şəmsəddin Küzəçi, Hazım Şükür Daquqlu kimi tanınan və
sevilən şairlərin yaradıcılığı ilə tanış olacaqlar.
Şübhəm yoxdur ki, “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” ensiklopedik məlumat
kitabının, eləcə də universitetlər üçün nəzərdə tutulmuş “Türk xalqları ədəbiyyatı” dərsliyinin
gələcək nəşrlərində Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan İraq Türkman yazarları, o
cümlədən də Dr. Şəmsəddin Kuzəçi layiqli yerlərini tutacaqlar.
Onu da deyim ki, bu il Şəmsəddin Kuzəçi Azərbaycan Milli Elmlər Akademiyasının
Ədəbiyyat İnstitutunda fəxri doktor adına layiq görülməsi gözlənilir.
Dr.Şəmsəddin Kuzəçi hazırda böyük bir əsər – 1961-ci ildə ilk sayı çıxan və bu gün də çap
olunan “Qardaşlıq” və “Birlik səsi”, “Türkman eli”, “Kərkük” dərgilərində, “Yurd”, “Türkman
eli” və başqa qəzetlərdə Azərbaycan yazıçı və şairlərinin, eləcə də elm adamlarının əsərlərini və
onların yaradıcılığına həsr olunmuş məqalələri toplayaraq kitab halında çapı üzərində işləyir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin fəxri üzvü, “Ədəbiyyat” qəzetinin
Redaksiya Şurasının üzvü Dr.Şəmsəddin Kuzəçi 25 ilə yaxındır ki, Azərbaycan–İraq ədəbi-elmi

əlaqələri yolunda yorulmadan çalışır.
Qədirşünaslıq əlaməti olaraq Bakıda Prof.Dr. Rəsmiyyə Sabirin tərtibində “Azərbaycan
sevdalısı Şəmsəddin Kuzəçi” (Bakı, 2023, 197 səh.) kitabı çap olunmuşdur. Kitaba Ön sözü mən
yazmışam. Bundan əlavə bu çox maraqlı əsərdə “Şəmsəddin Kuzəçi dünyası” adlı geniş
məqaləm də yer alır.
Azərbaycanda Şəmsəddin Kuzəçinin bir neçə kitabı işıq üzü görüb: “İraq Türkman poeziya
antologiyası”, Azərbaycanca və ingiliscə çıxan “İraq Türkman mətbuat tarixi”, Azərbaycanla
bağlı “Kərkükdən səsləniş” (Bakı, 2018) və “Kərkükdən Azərbaycana” (Ankara, 2019) adlı geniş
həcmli kitabları çıxıb.


Şəmsəddin Kuzəçi böyük bir ailədən, məşhur bir nəsildəndir. Onun əmisi Əbdülvahid
Kuzəçioğlu məşhur müğənni olub. Azərbaycan xalq mahnılarını çox sevib və həmişə
repertuarına daxil edib. Hətta azərbaycanlı Aşıq Pənahın “Ay qız, tovuz kimi sən” mahnısını
sevə-sevə oxuyub. Səməd Vurğunun “Gülə-gülə”, Rəsul Rzanın “Layla, balam, a layla”
şeirlərinə musiqi bəstələyib və 1966-cı ildə Kərkükdə çap olunan “Kuzəçioğlunun xoyrat və
bəstələri” kitabına daxil etmişdir.
Dr.Şəmsəddin Kuzəçi əmisinin başladığı işi uğurla davam etdirir.
Şəmsəddin Kuzəçi bir fenomendir. O, insanın sağlığında çox da duyulmaz. Onun gördüyü
işlər böyük bir tədqiqat institutunun görə biləcəyi işə bərabərdir. Onun yerinə başqa birisi
olsaydı, ədası yerə-göyə sığmazdı.
Ürəyi yazıb-yaratmaq eşqilə döyünən, Şəmsəddin qardaşıma yeni-yeni uğurlar, qədrini
itirəndən sonra bildiyimiz möhkəm cansağlığı diləyirəm.

QƏZƏNFƏR PAŞAYEV
Azərbaycanda İraq Türkman Araşdırmaları
üzrə Əlaqələndirmə Şurasının sədr müavini,
Əməkdar elm xadimi, professor

Scroll to Top