
Şemsettin Küzeci-60-
Prof. DR. Rəsmiyyə Sabir
Çağdaş İrak türkman ədəbiyyatının parlaq imzalarından biri – Şəmsəddin Kuzəçi ilə Dünya Türk Gənclər Birliyinin (DTGB) 2000-ci ildə Bakıda keçirilən qurultayında tanış oldum. Buna qədər, hələ uşaqlıq illərimdə mən İrağın bir sıra şəhərlərində (Kərkük, Mosul, Ərbil və s.) bacı-qardaşlarımızın olduğunu bilirdim. Axı, mən məktəb illərində atamın alıb gətirdiyi professor Qəzənfər Paşayevin məşhur “Altı il Dəclə-Fərat sahillərində” kitabını çox böyük maraqla oxumuşdum. “Altı il Dəclə-Fərat sahillərində” şəxsi kitabxanamın ən əziz kitablarından idi.
1998-ci ilin sentyabrında Qazaxıstanın Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində keçirilən 8-ci Türk Dünyası Gənclik Günləri və Qurultayında Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) təsis edilmişdi. Belə bir təşkilatın yaradılması Türk dünyası ədəbi gəncliyi üçün əlamətdar hadisə idi. DGTYB bizi Şəmsəddin Kuzəçi ilə daha da yaxınlaşdırdı. 25 illik fəaliyyəti dövründə DGTYB çoxlu işlər gördü. 50-dən artıq kitab, antologiya nəşr etdirdi, ədəbi tədbirlər, forumlar, festivallar, poeziya gecələri keçirdi və s.
Mənim qardaş Türkiyəyə ilk səfərim də Şəmsəddin Kuzəçi sayəsində olmuşdu. Onun təşkilatçılığı ilə Ankarada Füzuli Şeir Yarıması və Festivalı təşkil olunmuşdu. Mən və Dr. Aygün Həsənoğlu bu yarışmanın qalibləri kimi qardaş Türkiyəyə ilk səfərimizi etmişdik.
DGTYB-nin fəalları olaraq 25 ildə bir sıra işlərə imza atdıq. Onlardan biri də “Türkün səsi” antologiyası idi. Bu antologiyaların araya-ərsəyə gəlməsində Əkbər Qoşalı və mənimlə yanaşı Şəmsəddin Kuzəçinin də böyük zəhməti olub. Türk dünyasının dörd bir tərəfində yaşayan gənc yazarların əsərlərinin toplanılması, seçilməsi, zərurət olduqda tərcümə olunması zəhmət tələb edən işdir. Biz bu işlərin öhdəsindən layiqincə gəlməyə çalışırdıq və hələ də bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.
2022-ci ildə Şəmsəddin Kuzəçinin dəvəti ilə “Türk dünyası dərgilər yarmarkası”nda iştirak etdim. Türkiyə Dərgilər Birliyinin ən mötəbər tədbirlərindən olan yarmarka ölkənin Mədəniyyət və Turizm Nazirliyinin Türk Əməkdaşlığı və Koordinasiyası İdarəsinin dəstəyi ilə təşkil olunmuşdu. Azərbaycanı bu sərgidə şair Elçin İsgəndərzadə və mən təmsil edirdik. Dünyanın müxtəlif bölgələrində nəşr olunan jurnalların 450-dək təmsilçisinin iştirak etdiyi tədbirin əsas məqsədi xalqlar arasında mədəni əlaqələri gücləndirmək idi.
Bu illər ərzində mən Türk dünyasının bir sıra yazarlarının əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırmışam. Şəmsəddin Kuzəçinin 2017-ci ildə Ankarada yayımlanınan “Sarmaşıq duyğular” adlı şeirlər kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırmaq, yaxud bu əsasda yeni kitabını hazırlamaq ideyası, adıçəkilən kitabın 2017-ci ildə Bakıda keçirilən təqdimat törənində yaranmışdı. Və mən də, öz növbəmdə bu işi – sevgi ilə, usanmadan və böyük zövqlə etmişdim. Beləliklə də “Kərkükdən səsləniş” adlı kitabı Azərbaycan türkcəsinə uyğunlaşdırdım və kitab işıq üzü gördü. 2025-ci ildə isə Şəmsəddin Kuzəçinin 60 illik yubileyi ilə əlaqədar “Kərkükün Günəşi” adlı kitabını Azərbaycan türkcəsinə uyğunlaşdırmışam və yaxın vaxtlarda nəşr olunacaq.
Mən özümü şanslı yazarlardan hesab edirəm ki, İrağın Kərkük şəhərində şeir kitabım nəşr olunub. 2006-cı ildə Salihi Basım evində “Kölgəsiz dar ağacları” adlı kitabım latın qrafikası ilə yayımlanıb.
2003-cü ildə isə Kərkük Kültür Dərnəyinin maliyyə dəstəyi ilə “Yerlə göy arasında” kitabım Ankarada nəşr olunub. DGTYB-nin 25 illik yubileyi Ankarada TÜRKSOY-un baş ofisində qeyd olunarkən kitab təqdimatı paneli də təşkil edilmişdi. Bu paneldə mənim “Yerlə göy arasında”, Əkbər Qoşalının “Altaylardan qopan atlar”, Şəmsəddin Kuzəçinin “Şeirlərim”, İntiqam Yaşarın “Adını çəkirəm” kitabları təqdim olundu. TÜRKSOY-un Baş katibi Sultan Raev tərəfindən mənə, Şəmsəddin Kuzəçiyə, Əkbər Qoşalıya, İntiqam Yaşara və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalları təqdim olundu.
Şəmsəddin Kuzəçinin 60 illik yubileyi maübarek olsu.