
Şəmsəddin Kuzəçi Fərqi
(Dr. Şəmsəddin Kuzəçi- 60)
Ekber Qoşalı
Türk dünyası ilə bağlarım, yaşımın da irəlidədir. Mən, bir Azərbaycan ailəsində – bir Türk ailəsində doğulmağın verdiyi enerji ilə bu dünyaya göz açmışam. Şüurlu həyatım boyunca bu ulu bağlılığımı əməli fəaliyyətimdə özüməxas biçimdə şəkilləndirməyə, necə deyərlər, xəyallarımı gerçəyə çevirməyə çalışmışam. Xatırlayıram, müstəqilliyimizin ilk illərində – mən hələ tələbə olduğum vaxtllar – Azərbaycan Texniki Universitetinin qəzetində və digər mətbu orqanlarda yazdığım məqalə və şeirlərimdə bu bağlılığın ilk toxumları cücərməyə başlamışdı. Sonralar mənim qurucusu olduğum qeyri-hökumət təşkilatlarından biri – Gənc Vətənkeşlər Təşkilatı yarananda, onun ilk böyük tədbiri Türkiyədən Azərbaycana təhsil almağa gələn tələbələrlə görüş oldu.
Zaman keçdikcə təşkilatlar dəyişdi, baxışlar dəyişdi, dost-tsnış çevrəsi dəyişdi, görüşlər, bacışlar dəyişdi və nəhayət, yolum Dünya Türk Gənclər Birliyinin (DTHB) qurultaylarına uzandı. 1997-ci ilin mayında Zuğulbada keçirilən Türk dünyası Gənc Başqanlar Toplantısında belə bir təşəbbüslə çıxış etdim ki, DTGB ixtisaslaşmış qurumlarla güclənməli, onun çevrəsində yeni qurumlar yaranmalıdır və bu çərçivədə yazıçılarla bağlı işi mən öz üzərimə götürə bilərəm. Bir il sonra, Türkiyədə keçirilən Türk Dünyası Gənc Başqanlar Toplantısında bu fikri bir daha gündəmə gətirdim və nəticədə bir işçi qrup yaradıldı.
Nəhayət, 1998-ci ilin sentyabrında Qazaxıstanın Əhməd Yəsəvi adına Türk-Qazax Universitetində keçirilən 8-ci Türk Dünyası Gənclik Günləri və Qurultayında Dünya Gənc Türk Yazarlar Birliyi təsis edildi. Bu, mənim ictimai fəaliyyətimdə və yaradıcılığımda tamamilə yeni bir səhifənin açılması demək idi və sevindirici haldır ki, həmin səhifə uzunmüddətli, səmərəli və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən bir prosesin başlanğıcı oldu.
1999-cu ildə Dünya Gənc Türk Yazarlar Birliyi növbəti toplantısını Çuvaşıstanda keçirdi. Daha sonra Rumıniyada növbəti Başqanlar Toplantısı oldu və nəhayət, 2000-ci ildə – bundan düz 25 il öncə – Bakıda növbəti Qurultay keçirildi. Bu dəfə Dünya Gənc Türk Yazarlar Birliyi artıq rəsmi dövlət qeydiyyatından keçmiş bir təşkilat kimi fəaliyyət göstərirdi və hüquqi statusunun ilk ildönümünü qeyd edirdi. Həmin Qurultaya İraq türkmanlatından yeni heyətin qatıldığını gördüm. Və onların sırf şəxsi dəyişikliklər deyil, eyni zamanda keyfiyyət dəyişikliyi gətirdiyini hiss etdim.
Özəlliklə Şəmsəddin Küzəci adlı (o vaxtkı) gənc aydın soydaşımız diqqətimi çəkdi. O, artıq bizlərin fəaliyyəti ilə tanış idi və Dünya Gənc Türk Yazarlar Birliyində daha aktiv iştirak etmək istəyini ifadə etdi. Tezliklə onun təşəbbüsü ilə Birliyin həyatına yeniliklər gəldi və biz bir nümayəndə heyəti kimi İkinci İraq Türkman Qurultayına dəvət aldıq. Həmin Qurultay da yeni dostluqlara səbəb oldu, yeni ideyalar meydana çıxdı. Sonra Ş.Küzəcinin Azərbaycana ard-arda səfərləri başladı. Onunla, digər yazarlarla birgə
mərhum Millət vəkilimiz Qənirə Paşayeva, Prof.Dr. Qəzənfər Paşayev, Xalq şairi Zəlimxan Yaqub, Xalq yazıçıları – Yazıçılar Birliyinin sədri ANAR, Baş nazirin o vaxtkı müavini ELÇİN, “VEKTOR”un qurucu-başqanı Prof.Dr. Elçin İskəndərzadə, ATXƏM başqanı İlham İsmayılov və bir çox digər aydınlarla keçirilən görüşlərdə geniş fikir alış-verişlərimiz oldu. Beləcə, bizim də qatqılarımız sayəsində İraq türkmanları ilə bağlı iş ayrıca və davamlı bir bölmə halına gəldi və bu, məni sevindirdi.
Bütün bu fəaliyyətlər bizə nə qazandırdı? –
Türk dünyasında gənclər arasında mədəni-ədəbi inteqrasiyanın güclənməsi üçün güvənli platforma yarandı. Yalnız Azərbaycan və Türkiyə arasında deyil, ümumilikdə bütün türksoylu coğrafiyanı çevrələyən layihələr meydana çıxdı. Türk Dünyası Gənc İlətişimçilər Birliyi ideyası formalaşdı və bu Birlik Dsnya Gənc Türk Yazarlar Birliyinə qardaş qurum kimi ortaya çıxdı. Müxtəlif konfranslar, simpoziumlar, ortaq kitab layihələri həyata keçirildi. Eyni zamanda, Dr. Ş.Küzəcinin rəhbərliyi ilə Füzuli Şeir Festivalı təşkil olundu və s.
Mətbuatda ictimai fikri düzgün qidalandıran saysız-hesabsız məqalələr, müsahibələr yayınlsndı.
Bu illər içində Türk dünyası aşiqi olan yeni bir nəsil yetişdi desək qüsur olmaz. Bütün bu fəaliyyətlər bizə dostlar, dosgluqlar, ideyalar, layihələr, əsərlər, kitablar qazandırdı və biz də Türk dünyasına töhfələr verməyə çalışdıq. Bu gün həmin illəri xatırlayarkən qürur hissi keçirirəm.
Sonuc və yeni hədəflər
Dr. Ş.Kuzəçinin bu fəaliyyətlərə verdiyi töhfə, iştirak etdiyi toplantılar, təşkilatlanma prosesi və Türk dünyasına aid yeni təşəbbüslər yaratmaqda fəallığı təkcə keçmişin bir hesabatı deyil, həm də gələcək üçün örnək olacaq bir modeldir. Gənc nəsillər üçün bu cür fəaliyyətlərdə iştirak etmək və bu dəyərləri yaşatmaq, inkişaf etdirmək özlüyündə bir məsuliyyətdir. Bu baxımdan, Dr. Ş.Kuzəçinin gördüyü işlər bir tarixi yolun önəmli hissəsini təşkil edir və zaman keçdikcə onların dəyəri daha aydın şəkildə ortaya çıxacaqdır deyə düşünürəm.
Belə xatirələrin məqalə və ya kitab şəklində işlənməsi, həm şəxsi təcrübənin gələcək nəsillərə ötürülməsi, həm də Türk dünyasının ictimai-mədəni inteqrasiyasına verilən töhfələrin bəlgələşdirilməsi baxımından önəmlidir.
Ekber Qoşalı
Bakı, 14 Mart 2025
***