
Yaralı Kərkük[1]
Memmed Aslan
İcazəsi məşəqqətli olan Türkiyəyə ilk səfərimin ilk günündə (9 avqust, 1983) Hacı Bayram Vəli camisini ziyarətə getdik. Anadolu soyumuzun şer sultanlarından Yavuz Bülənt Bakilər və Ali Akbaş bəyəfəndilərlə bərabər idim. Onlar şair olmaqdan başqa həm də məni məmləkətinə müsafir dəvət etmiş rəhmətlik İbrahim Bozyellə birevli sayılacaq qədər yaxın dostlar idilər. Bakilər, Türkiyədə qalma müddətim bitincə ölkəsindəki hörmətindən istifadə edərək, məni öz ünvanına qeyd etdirərək iqamət təskirəsi aldı. O təskirə bu gün mənim üçün dünya pasportlarının ən qiymətlisidir.
Ali Akbaş məni görcək nədənsə məni kərküklüyə bənzətdi (bənzətdi deyəndə ki, biz eyni qandan, eyni toxumadan ərsəyə gəlmiş insanlarıq!) Şair əvvəllər yazmış olduğu bir bənd şeirini çox coşqunluqla mənə oxudu:
Nə zaman ki: Kərkük gələr ağlıma,
Boğazlanmış bir türk gələr ağlıma:
Füzuli bağını viran edənin
Ağlı üçün tükrük gələr ağlıma!…
Amma Kərküklə tanışlığım bundan xeyli əvvəl başlanmışdı. Hələ, orta məktəb şagirdi olduğum zamanlar Kəlbəcər şəhərindən payipiyada tez-tez Göyçəyə-Ağkilsə kəndinə gedərdim: Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın sonbeşiyi Haqverdi Talıboğlu məni ustadın nəvə-nəticəsi ilə doğmalaşdırmışdı. Orda Dədə Ələsgərin canlı nəfəsini duyurdum.
Əvvəllər elə bilərdim Ələsgər Ocağından ancaq və ancaq bu azman sənətkarın şeirləri oxunur və onunla tənəffüs olunur.
Sonralar gördüm ki: Ələsgər Ocağı şeirin mübarək Məkkəsidir! Harda itən mükəmməl bir şeiri axtarsanız, gəlib orda taparsınız.
Kərkük bayatı möcüzəsini də elə orda tapdım. Haqverdi və nəslin Ələsgərdən sonra üçüncü zirvə sənətkarı İsmixan (Hələ onda Didərgin təxəllüsünü götürməmişdi) Kərkükdən olan verilişlərin dəqiq zamanı və mövzularını bilirdilər.
Süd içdim: dilim yandı,
Bağçada gülüm yandı.
Əl atdım birin dərəm,
Alışdı əlim yandı.
Bunu hansı məqamda isə Kərkük qızı oxuyurdu (oxumurdu, çağlayırdı).
Sonralar Kəlbəcərdə uca dağlara dost-tanışla getdikcə özümüzlə transiztor götürərdik. İnsan təbiətinə yabançı olan qırmızı imperiya, nədənsə, uca dağlarda soyun pərən-pərənə düşmüş insanlarının bu vasitə ilə görüşə bilmək imkanım, Allaha şükür ki, nəzərə almamışdı.
Rəsul Rza İraqa gedib qayıtmışdı. Bu səfərin təfsilatı ilə bağlı Azərbaycan Elmlər Akademiyasının toplantı salonunda şairlə görüş təşkil olunmuşdu.
Elə orda sinə dəftərinə yığıb gətirdiyi ölümsüz bayatıları bir təbərrük kimi salonda əyləşən soydaşlarımızın başına səpələyirdi-gözə görünməyən gül ləçəkləri kimi:
Dər-dər xalı,
Sərilmiş dər-dər xalı…
Ya Rəb, varmı mənimtək:
Qəm evli, dərd arxalı?!.
Salonda hər kəs lal-dinməz daş kəsilmişdi: hər kəlməni, təfərrüatlı hər məqamı cani-könüldən eşitmək istəyirdi.
Nəfəsi, ruhu eynilə bizimki olan bu Kərküklü kim idi; bu Kərkük hoyratları hardan çıxdı?! İndiyəcən nə təhər olub ki, bu bayatı yanğısından xəbərsiz qalmışıq?!
Rəsul Rzaya nəsə olan olmuşdur: hamını qarşısında gördüyü halda heç kəsi dəqiq görə bilmirdi; bayatı tonqalında qovrulmaqdan ləzzət alırmışcasına söyləməyində idi:
Dərdə mərdim,
Düşməsin dərdə mərdim.
Mənə dərman neyləsin?!-
Tifilkən dərd əmərdim.
Bu ilahi hoyratların yozumu da şairin insələməsində isti alınır, eşidənləri qarsırdı:
Dərdü-qəm,
Açti yaram dərdü-qəm.
Mən miskin olduğumdan
Üstümə qudurdu qəm.
“Açdı yaram dərdü-qəm” misrası ətrafında bir balaca gəzişmə eləməsəm, bu da məni yandırar:
Türk dünyasının böyül aşığı (elə həm də böyük şairi) Aşıq Veysəl Şatroğlu bir qoşmasının möhürbəndində məğrur-məğrur deyir:
Dağlar çiçək açar, Veysəl dərd açar…
Dağlar gül-çiçəyi ilə öyünər! Bəs Veysəl?!
Aşıq Veysəl də çiçək açar. Amma bu çiçəkləmə elə belə çiçəkləmə deyil; Veysəlin dərdi çiçəkləyər! “Çiçəkaçma” bar-bəhrədən əvvəlki qüdrət ölçüsüdür…
Deməli, Veysəlin dərdi kamala çatıb, çiçəkaçma mövsümünə girib:
Dağlar çiçək açar, Veysəl dərd açar,
Dərdinə düşdüyüm yar məndən qaçar…
Gerçək aşiq olan özündən keçər,
Dərdimi aləmə yayan inləyər…
Böyük şairi yırğalayan Kərkük dərdi, bu salonda qiyaməti qoparması ilə məhdudlaşıb qalmadı. Kərkükümüzlə bağlı, onun folklor dəyərləri ilə əlaqədar neçə-neçə tanıdıcı məqalələr yazdı.
Yenə o salondaca Rəsul Rzadan eşidincə yaddaşımıza yazılmış bayatılardan:
Daşdı canı,
Kəkliyin qaşdı canı;
Dərdi pünhan çəkirəm:
Deyirlər: daşdı canı…
Sarı Aşıqda bu bayatının eləcə birinci misrasında çox cüzi dəyişiklik var: “Övladıq daşdı canı…” Qalan hər şey eynidir!…
Gün aşanda
Ay doğar, Gün aşanda
Hüsnünə Günəş dedim;
Sən handa, Günəş handa?!
Kəmalı kəm,
Ağlı kəm, kəmalı kəm.
Aləm sərvətə malik;
Mən hüsnünə malikəm!…
O da giryan,
Çöl giryan, oda giryan,
Mən dedim: bir gözəl sev,
Demədim: oda gir-yan!…
Rəsul Rza ilə bərabər yazıçı və publisist Qəzənfər Paşayev Kərkük varlığını bütün yönləri ilə soydaşlarımıza çatdırmaqda böyük yönləri ilə soydaşlarımıza çatdırmaqda böyük əzablara qatlaşdı. “Altı ilə Dəclə-Fərat sahillərində” kitabl ilə, əslində, dünyanın ən savab işini gördü: yüzilliklər boyu bir-birindən ayrı düşmüş fələkzədələri, bəli, məhz fələkzədələri görüşdürdü…
Bu gün Qəzənfər Paşayev sanki Kərkükün çox həssas və səriştəli böyük elçisi rolunda xatircəmliklə çıxış edir və üzücü, olduqca zor işi canına minnət kimi qarşılayır…
Söhbətin bu yerində yadıma Kərkükün tonqal kimi alışıb yanan bayatı şairi Məhəmməd İzzət Xəttat düşdü. Kərkükün ağlar halını, hüquqsuz taleyini, ən başlıcası yenə sabaha-işartısı qalmayan vətəndaş yerinə qoyulmadığını necə giryan-giryan, necə yanıb cızdağı çıxmış halətdə və necə ustalıqla bayatıya yükləyə bilir!
Baharda gülüm,
Soldu baharda gülüm…
Burda gülmək yasaqmış-
Gedim bə harda gülüm?!.
Azərbaycan məskənlərində yerinə görə “bəs” sözündən daha çox “bə” ədatı işlənir. Bu bayatıda “bə” “bəs” yerinə nə qədər gözəl işlədilmmişdir! Sözün təhrifi “orijinalından” nə qədər də tutarlı çıxmışdır! “Baharda gülüm”, “bə harda gülüm” cinasvari qafiyəli qüdrət əliylə sığallanmışdır.
Türkü sevinməyə, təbəssüm etməyə yasaqlayıb dünya… Belə də hüquqsuzluğ olar?!
Kərküklü bir kösövdü, hoyratı bir kösöv: baş-başa verib çırtıltı ilə yanır. Nə gərəyincə qəmxarı var, nə ağlayanda “can!”-deyəni…
Bir sözlə: Kərküklü çörəyindən, çayından vaz keçər; hoyratlarından vaz keçməz!!!
Vay dərdim!
Vay dərmanım, vay dərdim.
Xalx “vay” əkdi, gül dərdi;
Mən gül əkdim, vay dərdim…
Yaralı Kərkük və talesiz kərküklü hər zaman Türkdən, Türkün Ankarasından kömək ediləməkdə:
Ankara,
Zaman kara, an kara.
Bizlər burda yalqızıq,
İmdada gəl, Ankara!
Binə bağlar,
Bar verməz binə bağlar…
Zaman belə sürərsə,
Dərd məndə binə bağlar!
Gül dərdi,
Bülbüldə var gül dərdi.
Qanımla gül becərdim:
Yadlar gəlib gül dərdi.
Dərd dağıdır;
Gözəllər dərd dağıdır,
Endiyim qəm enişi
Çıxdığım dərd dağıdır!..
***
[1] Memmed Aslan, Yaralı Kərkük. Bayatı Rüzgarı,Bakı-Qısnet 2010, s, 83-93